“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Əbədi iztirab” adlı sənədli filmin çəkilişi (ingilis dilində)” adlı layihəsinin icrasına başlayıb.
Layihənin ideyası Birinci Qarabağ müharibəsi zamanı əsir və girov götürülüb, hələ XVIII əsrdə qəbul edilmiş beynəlxalq humanitar hüququn təməl prinsiplərini təşkil edən müddəalara belə əməl edilmədən işgəncələrə məruz qalaraq, şəxsiyyətləri tapdanaraq, şantaj edilərək, hədə-qorxu altında saxlanılaraq, alçaldılaraq, fiziki, mənəvi, psixoloji, seksual zorakılıqlara məruz qalaraq dözülməz şəraitdə saxlanıldıqdan sonra erməni əsir və girovluğundan azad edilmiş, bu gün mənəvi və psixoloji gərginlik və iztirablar içində yaşayan şəxslər haqqında beynəlxalq təşkilatlara məlumat vermək üçün ingilis dilində sənədli filmin çəkilməsidir.
Çəkiləcək sənədli filmdə münaqişənin yarandığı gündən ikili standartlardan mövqe nümayiş etdirən, illərdən bəri ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklərə susqunluq nümayiş etdirən beynəlxalq təşkilatlar və sözdə özlərini sülh carçısı kimi göstərən, əslində isə erməniləri qorumağa çalışan bəzi ölkələr erməni vəhşilikləri ilə əyani şəkildə, günahsız müharibə qurbanlarının dilindən tanış olacaqlar. Azərbaycan həqiqətləri və erməni vəhşilikləri dəlil-sübutlarla, olduğu kimi dəhşətli işgəncələrə məruz qaldıqdan sonra azad edilmiş soydaşlarımız vasitəsi ilə dünya ictimaiyyətinə çatdırılacaqdır.
Layihə 3 ay ərzində Bakı şəhəri, Abşeron inzibati ərazisində həyata keçiriləcəkdir. Filmin çəkilişi başa çatdıqdan sonra ictimaiyyətə təqdim ediləcək.