Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun daha iki oyunu keçiriləcək.
Günün ilk matçı Tovuzda yerli komanda ilə “Araz-Naxçıvan” arasında olacaq. Hazırda meydan sahibləri 19 xalla səkkizinci, qonaqlar isə 26 xalla dördüncü pillədə qərarlaşıblar. Bu görüş komandaların ölkə çempionatlarında ikinci dueli olacaq. Rəqiblərin yeganə qarşılaşması I dövrədə baş tutub.
“Turan Tovuz” səfərdə 3:0 hesablı qələbə qazanıb. Günün son oyununda isə “Sumqayıt” və “Səbail” komandaları üz-üzə gələcəklər. “Kapital Bank Arena”da keçiriləcək görüş saat 18:30-da başlayacaq. 17 turdan sonra 24 xalı olan “gənclik şəhəri” təmsilçisi altıncı, 26 xalı olan “dənizçilər” isə üçüncüdür. Komandalar indiyədək Premyer Liqada 23 dəfə qarşılaşıblar. Bunların 12-si sumqayıtlıların, 8-i bakılıların xeyrinə başa çatıb.
Üç qarşılaşmada qalib müəyyənləşməyib. Topların nisbətində də meydan sahibləri üstündür – 31:19.
“Sumqayıt” son 4 matçı qolsuz tərk etməyib. Son üç görüşdə qonaq komanda qalib gəlib. Azərbaycan Premyer Liqası XVIII tur 23 dekabr (şənbə) 16:00.
“Turan Tovuz” – “Araz-Naxçıvan” Hakimlər: Rəvan Həmzəzadə, Vüsal Məmmədov, Eyyub İbrahimov, Emin Əliyev Hakim-inspektor: İmanxan Sultani AFFA nümayəndəsi: Mübariz Hüseynov Tovuz şəhər stadionu.
18:30. “Sumqayıt” – “Səbail” Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev Hakim-inspektor: Vüsal Əliyev AFFA nümayəndəsi: Asif Əliyev “Kapital Bank Arena”.
Qeyd edək ki, XVIII turun açılış oyununda “Qəbələ” öz meydanında “Sabah”a 1:0 hesabı ilə qalib gəlib.
Tura dekabrın 24-də keçiriləcək “Neftçi” – “Kəpəz” və “Zirə” – “Qarabağ” matçları ilə yekun vurulacaq.