Elməddin Behbud: “-Bundan sonra hər zaman söz bizimdir”

-Neçə gündən bəri anonsunu paylaşdıqlarını müsahibə bitdi. Təbii ki, araik yeni heç nə demədi. Çünki onların sözü 27 sentyabr 2020-ci ildən etibarən bitib. Bundan sonra hər zaman söz bizimdir. Separatçı töküntülər üçün ayrı yol yoxdur. Ya Azərbaycan dövlətinin irəli sürdüyü tələbləri icra edərək mərkəzi hakimiyyətə tabe olacaqlar, ya da silahlı qüvvələrimizin mərmiləri vasitəsi ilə “Yerablura” yola düşəcəklər. Çünki heç bir dövlətdə onun qanunlarını pozan, silahlı dəstələr yaradan, separatizm və terrorçuluq əməlləri ilə məşğul olanların başını sığallayıb əlinə şirinçörək vermirlər.

Ermənilər Laçın-Xankəndi yolu ilə bağlı şouya, Xankəndidə mitinqlərə başlayanda çoxları bunu 1988-ci ildəki hadisələri təkrarlamaq cəhdi kimi qiymətləndirirdi. Araikin bugünkü müsahibəsi isə ermənilərin daha qədim tarix həvəskarı olduğunu göstərdi. Separatçıların başçısının müsahibəsi demək olar ki, “soyqırım” notları üzərinə köklənmişdi. Aydındır ki, “soyqırım” nağılı tamami ilə yalan və saxta hay-küydən başqa bir şey deyil. Çünki əks halda Ağdam-Xankəndi yolu vasitəsi ilə hər cür ərzaq və digər zəruri tələbat malları əldə edərdilər.

Onun BMT və s. beynəlxalq təşkilatlardan kömək gözlədikləri ilə bağlı dedikləri də əhəmiyyətsizdir. Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisindəki hansısa oyuncaq qurumun sayıqlamalarını heç kim ciddiyə ala bilməz, yaxud bununla bağlı real və təsirli mezanizmlər mövcud deyil.

Minlərlə dinc soydaşımızın qatili olan şəxslərin düşdükləri çıxılmaz vəziyyət isə məntiqi sonluğuna çatmalıdır. Onlar hökmən ədalət məhkəməsində mühakimə olunmalı və layiqli cəzalarını almalıdırlar. Xankəndi şəhərinin isə yeni və həqiqi idarəçilərinə təslim olunacağı gün uzaqda deyil.