Elməddin BEHBUD:-“Qarabağ ermənilərinin rəhbəri artıq Azərbaycan prezidentidir!”

Araiki Samvelin əvəz etməsi ilə bağlı xəbərlərdə yazılır ki, erməni separatçılarına bundan sonra adıçəkilən ikinci şəxs rəhbərlik edəcək. Hadisələrin inkişafı – 10 noyabr 2020-ci ildən etibarən Azərbaycan silahlı qüvvələrinin “sülhməramlıların” müvəqqəti nəzarət zonasında həyata keçirdiyi hərbi əməliyyatlar, mülki vətəndaşlarımızın qətlə yetirilməsində əli olan cinayətkarın, həmçinin, dövlət bayrağımıza qarşı təhqiramiz hərəkətlər edən şəxslərin həbs olunması, Laçında sərhəd buraxılış məntəqəsinin fəaliyyətə başlamasının ortaya qoyduğu nəticə və digər hadisələr isə yeni və qaçılmaz reallığın yarandığını göstərir: Ötən 35 ildə rəsmi Bakının tabeçiliyindən kənarda yaşayan Qarabağ ermənilərinin rəhbəri artıq Azərbaycan prezidentidir! Bu məsələ hüquqi təsbitini tapana qədər Xankəndidə hansı kuklanın hansı binada oturması artıq heç nəyi dəyişmir. Həmin şəxslər birmənalı olaraq rəhbər yox, cinayətkar statusundadırlar.

Doğrudur, dövlətimizin yumşaq güc siyasəti əzici gücə malikdir. Eyni zamanda etiraf etməliyik ki, hərbi xuntanın özbaşınalıqlarına son qoymaq, dövlət başçısının köməkçisi Hikmət Hacıyevin dediyi kimi ərazimizdəki “boz zonaların” mövcudluğuna son qoymaq üçün sərt gücün tətbiqi də qaçılmazdır. Yəqin ki, Türkiyə və Rusiya prezidentlərinin bu günlərdə keçirilməsi gözlənilən görüşündən sonra separatçılar sərt gücün zərbəsini də hiss edəcəklər.