FHN-in Cənub Regional Mərkəzinin komandası ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş minifutbol turnirinin qalibi olub

Bax-az.info Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin dəstəyi, şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş idarə, müəssisə və təşkilatların komandaları arasında futzal üzrə rayon birinciliyinin final oyunu keçirilib.

İyulun 13-də Lənkəran Olimpiya İdman Kompleksində final oyununa çıxan FHN-in Cənub Regional Mərkəzinin komandası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin komandası ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən və əsas hissəsi 1:1 bərabərliklə bitən oyunun qalibi penalti seriyasında müəyyənləşib. Rəqib qapısından 3 top keçirən Cənub Regional Mərkəzinin komandası qalib gələrək turnirin çempionu olub.

Qeyd edək ki, Cənub Regional Mərkəzinin komandası 5 qələbə, bir oyunu bərabərə bitirməklə məğlub olmadan ən çox qələbə qazanan yeganə komanda kimi yarışı uğurla başa vurub.