“Fövqəladə hallar könüllüləri” proqramının müsahibə mərhələsinə start verilib

Bax-az.info Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşəbbüsü və tərəfdaşlığı ilə “Fövqəladə Hallar Könüllüləri” Proqramına start verilib. Cari ilin 12 sentyabr tarixindən etibarən proqramda könüllü iştirak üçün müraciət edən namizədlərin seçiminə başlanılıb.

Müsahibə mərhələsində namizədlərin şəxsi keyfiyyətləri, müxtəlif sahələr üzrə bilik və bacarıqları, fiziki göstəriciləri, özünü təqdimetmə bacarığı, sosial aktivliyi, dünyagörüşü və fövqəladə hallar sahəsinə olan maraqları qiymətləndirilib.

500-dən artıq könüllünün müsahibə mərhələsi başa çatdıqdan sonra bu mərhələni uğurla keçən 150 könüllü şəxs Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən fövqəladə hallarla mübarizənin müxtəlif istiqamətləri üzrə nəzəri və praktiki təlimlərə cəlb olunacaqlar.

Məlumat üçün bildirək ki, indiyədək ölkəmizdə reallaşan könüllülük proqramları çərçivəsində ilk dəfə olaraq “Fövqəladə Hallar Könüllüləri” Proqramının iştirakçılarının sağlamlığı bu layihənin sığorta tərəfdaşı olan AZSIĞORTA ASC tərəfindən sığortalanacaq.

Sonda “Fövqəladə Hallar Könüllüləri” Proqramını uğurla başa vuran könüllülər iştirakçı sertifikatı ilə təmin olunacaqlar.

Proqram çərçivəsində könüllülərin müxtəlif istiqamətlər üzrə (tədbirlərdə fəaliyyət, yanğın təhlükəsizliyi, mülki müdafiə, maarifləndirmə, axtarış-xilasetmə, ilk yardım, ilkin psixoloji yardım, humanitar yardım və s.) qruplara bölünərək fəaliyyət göstərmələri nəzərdə tutulub.