Rusiya Milli Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qəzza zolağında xəstəxanaya ölümcül zərbənin endirilməsini “iyrənc hərbi cinayət” adlandırıb və əlavə edib ki, faciəyə görə son məsuliyyət ABŞ-ın üzərinə düşür.
Medvedev özünün teleqram kanalında yazıb ki, -“Qəzza zolağında xəstəxanaya edilən iyrənc zərbə, şübhəsiz ki, müharibə cinayətidir. Və bunun üçün əsas məsuliyyət müxtəlif qitələrdə müxtəlif ölkələrdəki müharibələrdən həyasızcasına mənfəət götürənlərin çiyinlərindədir”.
Onun sözlərinə görə, Vaşinqton həm də “silah müqavilələri üçün böyük məbləğlər ayırır, müdafiə sektoruna iş verir” və “demokratik dəyərləri müdafiə etmək üçün qlobal axtarışları haqqında aldadıcı bəyanatlar verir”.
Ərəb mediası bildirib ki, çərşənbə axşamı Qəzzanın mərkəzi rayonlarında bir neçə güclü partlayış baş verib və yerli xəstəxana binasına böyük ziyan dəyib. Al Hadath televiziyası partlayışları İsrail Hərbi Hava Qüvvələrinin endirdiyi hava zərbəsi ilə əlaqələndirib. İsrail Müdafiə Qüvvələri (IDF) “bir çox mənbədən əldə edilən kəşfiyyat məlumatlarına” istinadən bildirib ki, “İslami Cihad” Qəzzadakı xəstəxananı vuran uğursuz raket atışına görə məsuliyyət daşıyır. “Əl Ərəbiyyə”nin son tələfat hesabatına görə, faciədə ölən və yaralananların sayı 800-ü keçib.