“Abşeron” klubunun meksikalı voleybolçusu Jozelin Landeros AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.
– “Abşeron” klubuna transferiniz necə reallaşdı?
– Agentim Azərbaycandan təklif olduğunu dedi. Mən də bununla maraqlandım və menecerim klubla danışdı. Hər iki tərəfin razılığından sonra “Abşeron”la müqavilə bağlamaq üçün Bakıya gəldim.
– Azərbaycan haqqında daha əvvəl məlumatınız var idi?
– Müəyyən məlumatlarım var idi. Ancaq təklifdən sonra internetdə araşdırmalar apardım. Əmin oldum ki, seçimimdə yanılmamışam. Buradakı insanların isti münasibəti məni xoşbəxt edir. Hətta paytaxtınıza yağan qardan da zövq aldım. Meksika isti ölkə olduğu üçün qış ayları sizdəki kimi keçmir.
– Qısa müddətdir Azərbaycandasınız. Bakı ilə tanış olmusunuz?
– Üç həftədir buradayam. Hələlik şəhərlə tam tanış olmaq şansı əldə etməmişəm. Amma bunu mütləq edəcəyəm. Gördüklərimə əsasən deyə bilərəm ki, Bakı çox möhtəşəm şəhərdir.
– Komandada kimlərlə daha yaxınsınız?
– Bütün qızlar mənimlə mehriban davranırlar. Meydanda və meydandan kənarda bir-birimizlə çox yaxşı anlaşırıq. Ancaq mənə ən yaxın olanlar Ülkər Kərimova, Mariam Qaprindaşvili və Nilufər Ağazadədir.
– Voleyboldan başqa hansı idman növünə marağınız var?
– Gimnastika, həndbol, oxatma və üzgüçülük yarışlarına baxmağı sevirəm. Uşaqlıqda voleybolla yanaşı, həndbolla da məşğul olmuşam.
– Meksika milli komandasında çıxış etmisiniz. Hazırda da yığmaya dəvət alırsınız?
– Bəli, 2016-cı ildən yığmada çıxış edirəm.
– Hazırda Meksikada voleybolun səviyyəsi necədir?
– Voleybol ölkəmizdə artıq populyar idman növünə çevrilib. Çox yaxşı oyunçular yetişir. Yığmaya təcrübəli Nikola Neqro başçılıq edir. O, 2012-2013-cü illər mövsümündə “Azərreyl”də də işləyib. Hətta bura gəlməmişdən əvvəl ondan Azərbaycan barədə soruşmuşdum. Mənə bu ölkənin möhtəşəm olduğunu demişdi.
– Karyeranızı davam etdirmək üçün Azərbaycanı seçməyinizi Meksikadakı dostlarınız necə qarşıladı?
– Dostlarım və komanda yoldaşlarım qərarımı dəstəklədilər. Hətta onlar indi məndən tez-tez Azərbaycan haqqında soruşurlar.
– Azərbaycan və Meksika arasında saat fərqi çoxdur. Bu amil sizə problem yaratmır?
– Artıq saat fərqinə uyğunlaşmışam. Sadəcə, ailəm və dostlarımla əlaqə qurarkən çətinlik çəkirəm. Çünki boş vaxtlarımız üst-üstə düşmür.
– “Abşeron”un bu mövsüm çempionluq şanslarını necə qiymətləndirirsiniz?
– Qarşıda uzun yol var. Hər şey ola bilər. Çempion olmağı çox istəyirik. Bunun üçün çalışırıq.