Milli Kitabxana “Epiqrafçı alim Məşədixanım Nemətova – 100” adlı ənənəvi sərgi təqdim edib

Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Epiqrafçı alim Məşədixanım Nemətova – 100” adlı ənənəvi kitab sərgisi hazırlanıb.

Sərgidə alimin Azərbaycan və rus dillərində əsərləri, redaktoru, rəyçi olduğu əsərlər və elmi məcmuələrdə nəşr olunmuş məqalələri nümayış olunur. Sərgi bir həftə davam edəcək. Qeyd edək ki, bu gün tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü, “Şöhrət” ordeni ilə təltif olunmuş tanınmış epiqrafçı alim Məşədixanım Nemətovanın anadan olmasının 100 ili tamam olur. O, 1924-cü il yanvarın 5-də Bakıda dünyaya göz açıb. M.Nemətova 60 illik elmi fəaliyyəti dövründə Azərbaycanın bütün tarixi ərazisini gəzərək, ərəb qrafikasının çətin oxunan kufi kitabələrini araşdırıb oxuyub və onların tarixi əhəmiyyətini müəyyənləşdirib. İqtisadi-siyasi, sosial-mədəni, tarixi, memarlıq, sənətşünaslıq, filologiya, islam fəlsəfəsi – sufizm, toponimika, etnogenez və s. bu kimi problemlərə dair külli miqdarda yeni, bəzən hətta yeganə dəqiq sənədlərlə Azərbaycanın tarixşünaslıq bazasını zənginləşdirib. M.Nemətova elmi fəaliyyətin nəticəsi kimi 12-dən artıq monoqrafiya, 200 elmi məqalə, o cümlədən, 6 cildlik “Azərbaycanın epiqrafik abidələrinin toplusu”nu nəşr etdirib. M.Nemətova 2016-cı ildə 92 yaşında vəfat edib.