Müddətli həqiqi hərbi xidmət müddəti başa çatmış daha bir qrup hərbi qulluqçu ehtiyata buraxılıb

Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrasının təmin edilməsi ilə əlaqədar müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən  Azərbaycan Ordusunun qoşun (qüvvə) növləri, birlik, birləşmə və əlahiddə hərbi hissələrdə müddətli həqiqi hərbi xidmət müddəti başa çatmış hərbi qulluqçuların tərxis edilməsi ilə bağlı tədbirlər davam etdirilir. Tədbirlərdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Yola salma mərasimlərində çıxış edənlər Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ehtiyata buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularını hərbi xidmətlərini layiqincə başa vurduqlarına görə təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıblar. Xidmət müddəti başa çatmış hərbi qulluqçular isə öz növbələrində Azərbaycan Ordusu sıralarında xidmət etməkdən qürur duyduqlarını bildirərək, hərbi xidmət dövründə qazandıqları müsbət keyfiyyətlərin və təcrübənin onların gələcək həyatlarında faydalı olacağına əminliklərini ifadə ediblər. Xidmət müddəti ərzində fərqlənən bir qrup hərbi qulluqçuya fəxri fərman və digər mükafatlar təqdim edilib. Tərxis olunan hərbi qulluqçular yaşadıqları bölgələrə yola salınıblar.