Qızılcaya yoluxma bütün yaşlarda baş verə bilər. Yalnız 8 yaşa qədər uşaqlar ən həssas qrup hesab edilir. Buna baxmayaraq digər yaş qrupunda olanlar da qızılcaya yoluxa bilərlər. Xəstəlik hava-damcı yolu ilə yayılır və inkubasiya dövrü 10-14 gün arası davam edir.
Həkim-pediatr Telman Aytayev deyib: “Xəstəliyin xüsusi müalicəsi yoxdur, yəni antibiotik vermək və ya digər dərmanlar heç bir təsir göstərmir. Xəstəliyə təsiri olan ən böyük amil peyvəndin edilməsidir. Birinci peyvənd uşağın 1 yaşında, ikinci peyvənd isə 6 yaşına çatdıqda vurulmalıdır. Birinci dozadan sonra peyvəndin qoruyuculuğu 90, ikinci dozadan sonra isə 97 faizdir”.
Qızılca burun axması, halsızlıq, quru öskürək, yüksək hərarət kimi əlamətlərlə müşahidə olunur. Xəstəlik, həmçinin gözlərin qızarmasına və işığa qarşı həssaslığın artmasına, qulaq və boyun arxasında səpgilərin yaranmasına səbəb olur. Səpgilər ardıcıllıqla əvvəlcə üz və bədənə, sonra qol və ayaqlara yayılır. Həmin proses əsasən dörd gün davam edir, öskürək isə təxminən 10 günə qədər davam edə bilər.
Həkim-pediatr Aygün Sadıqova deyib: “Sonrakı dövrdə səpgilər eyni qaydada solmağa başlayır və yerində heç bir iz qoymadan keçib gedir. Qızılcanın ilk dövrlərındə ağızın iç tərəfində kiçik azı dişləri tərəfdə qısa müddət ərzində xırda səpgilər müşahidə edilə bilər. Bu, qızılcanın xarakterik bir əlamətidir”.
Xüsusi müalicəsi olmasa da, immun sistemini gücləndirmək, əlamətləri yüngülləşdirmək, ağırlaşmaları aradan qaldırmaq mümkündür. Xəstəlik müddətində evdən çıxmamaq tövsiyə olunur.