Yeni tədris ilindən Azərbaycan Texniki Universitetinin tələbələri “mygov” platforması üzərindən tələbə biletlərini rəqəmsal formada təqdim edəcəklər. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA)
bildirilib ki, İRİA, Elm və Təhsil Nazirliyi və Azərbaycan Texniki Universitetinin (AzTU) birgə təşəbbüsü ilə rəqəmsal tələbə kartlarından istifadəyə start verilir. Belə ki, artıq AzTU tələbələri tələbə bileti məlumatlarını “mygov” tətbiqi üzərindən rəqəmsal formada təqdim edəcəklər. Növbəti tədris ilindən universitetə daxil olmaq, universitetdə imtahanlara giriş zamanı kimi bir çox hallar üçün rəqəmsal tələbə kartından istifadə nəzərdə tutulub.
Bunun üçün tələbə “mygov” tətbiqində öz hesabına daxil olaraq rəqəmsal sənədlərin təqdim olunduğu “kartlar” bölməsində tələbə məlumatlarını əks etdirən tələbə kartı ilə tanış ola bilər. Kartın üzərindəki “QR paylaş” düyməsinə klikləyərək və ya həmin bölmədə əks olunan unikal nömrəni təqdim edərək məlumatları digər tərəflərlə paylaşa bilərlər. Eyni zamanda, tələbə kartının PDF sənəd formatında paylaşılması da mümkündür. Qarşı tərəf isə bu məlumatları “mygov Checker” mobil tətbiqi və ya veb-platforması vasitəsilə yoxlaya biləcək. Tələbə daha sonra “mygov” mobil tətbiqində “paylaşdığım məlumatlarım” bölməsində paylaşdığı məlumatların tarixçəsi ilə tanış ola bilər.
Qeyd edək ki, “mygov” rəqəmsal hökumət platforması İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təqdim olunur. Platforma dövlət və vətəndaş arasında vahid kommunikasiya kanalı yaradır və yeni nəsil rəqəmsal hökumət yanaşmasına dair funksionallıqları özündə birləşdirir.