Bax-az.info Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, iyulun 13 və 14-ü tarixlərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Müdafiə Nazirliyinin 2023-cü il üçün birgə fəaliyyət planına əsasən DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsi və Abşeron rayon “N” saylı hərbi hissənin birgə təşkilatçılığı ilə “Şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin, hərbi intizamın möhkəmləndirilməsində, hərbi qulluqçular arasında vətənpərvərlik ruhunun yüksəldilməsində dini dəyərlərin rolu” mövzusunda maarifləndirici tədbirlər keçirilib.
Abşeron rayonu və Sumqayıt şəhərində yerləşən hərbi hissələrdə baş tutan tədbirlərdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Yalçın Abdullayev, “N” saylı hərbi hissənin İdeoloji iş və mənəvi psixoloji təminat şöbəsinin rəisi Rüstəm Məmmədov, ilahiyyatçı Ağa Hacıbəyli və şəxsi heyət iştirak edib.
Çıxışlar zamanı vətənpərvərlik ruhunun yüksəldilməsində mənəvi və dini dəyərlərin rolundan bəhs olunub. O da qeyd edilib ki, 44 günlük Vətən müharibəsinin Azərbaycanın qələbəsi ilə başa çatmasını təmin edən mühüm amillərdən biri də məhz gənclər arasında vətənpərvərlik ruhunun aşılanması ilə bağlı uğurlu işin aparılmasıdır.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.