Co Bayden milli təhlükəsizlik komandası ilə Qəzzadakı vəziyyəti müzakirə edib

ABŞ prezidenti Co Bayden milli təhlükəsizlik komandası ilə Qəzzada atəşkəs və əsirlərin azad edilməsi prosesinin növbəti addımlarını müzakirə edib.

Ağ Evdən verilən açıqlamaya görə, Co Bayden və vitse-prezident Kamala Harris milli təhlükəsizlik komandası ilə görüş keçirib. Görüşdə Qəzzada atəşkəs prosesinin növbəti addımları və əsirlərin azad edilməsi istiqamətində görülən işlər müzakirə edilib. Görüşdə həmçinin Qətər və Misirin vasitəçiliyi ilə aparılan atəşkəs danışıqlarının təfərrüatları və danışıqların gedişi ilə bağlı mövcud vəziyyət də hərtərəfli qiymətləndirilib.

İsrail ordusu Qəzzada baş verən qarşıdurmalar zamanı 6 israilli əsirin cəsədinin tapdıqlarını açıqlayıb. Qəzzada saxlanılan israilli əsirlərin ailələri tərəfindən yaradılan platforma bu yaxınlarda  Qəzza-Misir sərhəd xəttindəki Filadelfiya dəhlizinin işğalını davam etdirməkdə israr edən və əsir mübadiləsi razılaşmalarını pozan baş nazir Benyamin Netanyahunun 6 israilli əsirin ölümünə görə məsuliyyət daşıdığını bildirmişdi. Benyamin Netanyahu isə hökumətin qalan əsirlərin azad edilməsi üçün razılığa gəlməkdə qərarlı olduğunu ifadə edərək razılaşmanın əldə olunmamasında ”Həmas”ın məsuliyyət daşıdığını iddia edib.

ABŞ prezidenti Co Bayden Netanyahunun atəşkəs üçün kifayət qədər səy göstərmədiyini bildirib.

Verified by MonsterInsights